ADR sədri, iqtisadçı alim, professor Qubad İbadoğlu iyul ayının 23 də

siyasi sifarişlə həbs edilmiş, Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə əsasən onun haqqında 3 ay 26 günlük həbs qəti imkan tədbiri təyin edilmişdir. Qeyd edilən maddə külli miqdarda saxta pul hazırlama, əldə etmə və satma cinayətini ehtiva edərək təqsirkar üçün 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Artıq iki həftədir ki, diabet və qan təzyiqi xəstəliyindən əziyyət çəkən Qubad İbadoğlu qeyri-münasib saxlanma şəraitində zindan həyatı yaşayır. Son günlər professor İbadoğlunun həyatına yaranmış təhdid ən təhlükəli həddə çatıb.

14 gündür ki, şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan Qubad bəy sürətlə çəki itirir. Hazırkı saxlanma şəraiti, hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, onun sağlamlığına heç bir faydasının olmayacağı şübhəsizdir. Havasızlıq, hərəkətsizlik, antisanitariya, digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəblərindən onun səhhətindəki yaxşılaşmadan danışmaq mümkün deyildir.

Son günlər səhhətində yaranmış problemlərin ciddiliyindən qorxuya düşən təcridxana rəhbərliyi 13 gündən sonra Qubad İbadoğlunun ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib və məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu vəziyyət isə həyati təhlükənin mövcudluğunun ciddiliyindən xəbər verir. Tibb elmi təsdiq edir ki, aortanın anevrizması xəstəliyində reqres və damardakı təhlükəli genişlənmənin geri dönüşü mümkün deyildir. Bu xəstəliyin müalicəsində əsas məqsəd genişlənmənin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqinin hər gün 150-100, şəkərinin normadan 2-3 qat artıq olduğu müəyyən edilib. Bu vəziyyətdə aortanın genişlənən hissəsinin partlaması və həyati təhlükənin yaranması riski qaçılmazdır.

Müdafiə Komitəsi Prof. Qubad İbadoğlunun şərlənərək sifarişli məhkəmə qərarları və saxta ittihamla Kürdəxanı təcridxanasında ölümə məhkum edildiyini bəyan edir,

beynəlxalq və yerli insan haqqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları Qubad İbadoğlunun həyatının xilas olunmasına təcili dəstək olmağa çağırır, səhhətində yaranmış problemlərin həyati risk daşıdığını nəzərə alaraq onun həbsdən dərhal azad olunmasını tələb edir.