Qubad İbadoğlunun səhhətindəki pisləşmələr yeni, daha təhlükəli mərhələyə keçib. Qardaşımın ürəyindəki problem həyati təhlükə yaratmaqla yanaşı, artıq yüksək şəkər onun daxili orqanlarını sıradan çıxarmağa başlayıb. Son müayinədə Qubad İbadoğlunun böyrəklərində neqativ dəyişikliklər izlənilib, sol gözündə zəifləmə başlayıb. Həbsxana rəhbərliyi və istintaq qrupu tərəfindən psixoloji təzyiqin davam etməsi səbəbindən qardaşımın sinir sistemi pozulub, qalxanabənzər vəzdə düyünlər əmələ gəlib.

Qardaşımda xroniki yorğunluğun əlamətləri müşahidə olunur və səbəbsiz başağrıları səngimir.

Bunlar hələ Penitensiar Xidmətin həkimlərinin etiraf etdikləridir. Əslində, vəziyyət daha kritikdir.

Xidmətin tibbi personalı tərəfindən analiz üçün qan götürülməsi heç bir sanitar-gigiyenik qaydalara əməl edilmədən, kamera şəraitində həyata keçirildiyindən qanına mikrob düşməsi təhlükəsi var.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Qubad İbadoğlunun müstəqil həkim briqadası tərəfindən müayinə olunması və saxlanma şəraitinin, eyni zamanda sağlamlığının Qızıl Xac Cəmiyyəti tərəfindən yerində monitorinq edilməsi ilə bağlı fəaliyyətlərə başlamışıq.

Artıq qardaşımın Kürdəxanı Təcridxanasında saxlandığı hər gün, hər saat deyil, hər dəqiqə onu ölümə yaxınlaşdırır!

Qalib Toğrul

(Qubad İbadoğlunun qardaşı)